"Qəflətən boynumun arxasından bərk yumruq vurdu..." - Gözdən əlil Qarabağ qazisi

"Qəflətən boynumun arxasından bərk yumruq vurdu..." - Gözdən əlil Qarabağ qazisi backend

"Onlar uzaqlaşandan sonra biraz gözlədim. İnsan səsi eşidilməsə də aralıdan maşın səsləri gəlirdi".

"Evdən Quzanlı qəsəbəsinə qədər gedib oradan bir maşına mindim. Maşın məni Ağdam-Bərdə-Tərtər dörd yoluna kimi apardı. Sonra tanıdığım Kamil adlı bir qəssabın köməkliyi ilə Bərdəyə gedən taksiyə oturdum. Taksi məni şəhərdə düşürdü. Pulumu verib xahiş etdim ki, mənə səkini göstərsin. Sağ olsun köməklik göstərdi. Biraz keçmişdi ki, bir nəfərin səsin eşitdim. O, mənə "Hara gedəssən?" - sualını verəndə ona "Zərifə Əliyeva adına liseyin yanına gedəcəm, məni neçəyə apararsan?" -sualını verdim. Üç manat istədi. Onun köməkliyi ilə maşına oturdum. Sonra başqa bir adamı da çağırdı maşına. Yolda söhbət zamanı orada mamam oğlu Zahirin yaşadığı və onlara gedəcəyimi dedim. Mənə "Zahir yaxın dostumuzdur, yaxşı tanıyırıq" , - dedilər. Biraz sonra maşını saxladı. Mənə "çatmışıq, düş..." , - dedi. Yerə düşəndə hiss elədim ki, bura həmin ünvan deyil. Amma yenə də pul çıxararaq əlimdə tutub "götür pulunu çıx", - dedim. Birdən sürücü "cibindəki pulu da ver bura", - dedi. Vermək istəmədim. Qəflətən papağımı başımdan çıxarıb boynumun arxasından bərk yumruq vurdu. Yerə yıxıldım... Arxa cibimdən pulu çıxarıb, məni ağır söyüşlər söydülər. Sonra biraz da təpikləyib maşını sürüb getdilər", - deyir, birinci qrup Qarabağ əlili, Mirzalıyev Xəlil.

Mirzalıyev Xəlil Müştaq oğlu 1967-ci il təvəllüdlüdür. O, Ağdam rayon Ayaq Qərvənd kəndində doğulub. 1991-ci ildən etibarən könülü olaraq Vətənin mudafiəsinə qoşulub. Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin Paprəvənd batalionunda xidmət edib. Ağdərə və Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Onun sonuncu döyüşü 1994-cü ilin aprel ayının 17-si olur. Ağdam rayon "Konzavod" adlanan ərazisində minaatan mərmisinin partlaması nəticəsində başından aldığı qəlpə yarası onu ömürlük kor edir.

Onun sözlərinə görə danışdığı hadisə fevral ayının 13-ü saat təxminən 18 radələrində baş verib:

"Onlar uzaqlaşandan sonra biraz gözlədim. İnsan səsi eşidilməsə də aralıdan maşın səsləri gəlirdi. Dedim bəlkə asvalt olar, görüb saxlayarlar. Səs gələn tərəfə addımlamağa başladım. Birdən ayağım boşa keçdi. Böyük uçurumdan kola yıxıldım. Bədənim, başım, ayağım və qollarım bərk ağrıyırdı. Qışqırmağa başladım. Səsimə səs verən olmadı. Bir neçə saat sonra sürünüb koldan çıxdım. Əlimi divara sürtəndə hiss etdim ki, mən çay yatağındayam. Arabir qışqırırdım ki, birdən yaxınlarda kimsə olar. Amma kömək olmadı. Gecə olduğunu hiss edirdim. Qışın soyuğu, çay yatağının küləyi məni titrədirdi. Arada bir yaxınlarda çaqqal sürüsü ulaşırdı. Saatlar kecdi...
Susuzluqdan yanırdım. Qışqırmaqdan səsim batmışdı. Nə qədər vaxt keçdiyini bilmirdim. Gördüm ki, yuxarıdan kimsə qışqırır. Səsim batdığına görə əl-ayağımı tərpətdim...", - deyir Xəlil Mirzalıyev.

Evində yaşlı anası, yataq xəstəsi qoca atası olan iki gözdən əlil X.Mirzalıyevla söhbət zamanı məlum olur ki, onu Bərdə rayon Qasımbəyli kənd sakini Cəfər adlı şəxs tapıb. Elə Xəlil də Zümrüdxan və Qasımbəylı kəndi ərazisindən keçən Tərtər çayının dərəsində aşkarlanıb. Cəfərlə telefon əlaqəsi zamanı O, hadisəni belə danışdı:
"14 Fevral saat 11:30 radələrində taxıl əkdiyim tarlaya gedirdim. Bidən gözüm çay yatağında olan bir nəfərə sataşdı. Əvvəl elə bildim öldürüblər. Səs edəndən sonra onun tərpəndiyini gördüm. O elə bir yüksəklikdən düşmüşdü ki, mən ora düşə bilmirdim. Başqa yerlə hərlənib onun yanına gəldim. Dodaqları çatlamışdı. Kim olduğunu soruşanda gözdən əlil Qarabağ qazisi olduğunu deyib, mənə yalvardı ki, ona su verim. Yaxınlıqdakı bulaqdan su gətirdim. İki litrə yaxın su içib özünə gəldi. Cibindən sənədlərin çıxaranda baxdım ki, Qarabağ əlilidir və Ağdam sakinidir. Hadisənin necə olduğunu bilmədiyim üçün biraz qorxdum. Dərhal 102 xidmətinə zəng edib hadisəni danışdım. Onun sənədində yazıldığı kəndlə qohumluq əlaqəm olduğuna görə məlumatı qohumlarıma da bildirdim. Sonra onu ərazidən çıxarıb Bərdədən evlərinə yola saldım. Daha sonra Bərdə polisi əraziyə baxış keçirib. Məni polis şöbəsinə dəvət etdilər. Həmin vaxt Xəlil də orda idi. Onun o yarğandan yıxılıb sağ qalması möcüzədir", - deyir, Bərdə sakini Cəfər kişi.

Baş verən hadisə ilə bağlı ailə özü də Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə məlumat verib. Bərdə rayon polis şöbəsində onun ifadəsi alınıb. Çox güman ki, əməliyyat axtarış tədbirləri davam edir.

Həmçinin onu da qeyd edək ki, Vətən üçün iki gözünü qurban verən Xəlil Mirzalıyevin döş qəfəsində kəskin ağrılar olsa da o, ev şəraitində müalicə edilir.

Elgün Gəncimsoy
Diaspora