Bir neçə gün əvvəl Şıxzərli palçıq vulkanında aktivlik baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.Qoruğunun direktoru Ceyhun Paşayev ölçmə işlərinin nəticəsi barədə açıqlama verib.
O bildirib ki, yanvarın 9-da saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan Rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal qərbində yerləşən Şıxzərli palçıq vulkanında püskürmə baş verib:
“Püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərazində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxıb. Xüsusilə qeyd etmək lazımdır ki, püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının bu dəfəki püskürməsində qeydə alınmayıb”.
O qeyd edib ki, ölçmə işləri zamanı müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb:
“Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olundu. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alındı. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatırdı. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir.
Məlumat üçün bildiririk ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil. Bu vulkanın aktivliyinin təhlili onu göstərir ki, çox aktivdir. Bu son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur”.