Astronomlar yaxın iki gün ərzində potensial təhlükəli olan “2020 WU5” asteroidinin Yer kürəsindən səkkiz milyon kilometr məsafədə keçəcəyini bildiriblər.
“RİA Novosti” xəbər verir ki, onun orbitinin hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının saytında təqdim olunub.“2020 WU5” asteroidi 2020-ci il noyabrın 29-da NEOWISE (Wield-Field Infrared Survey Explorer) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib, dekabrın 4-də isə Beynəlxalq Astronomiya İttifaqının (IAU) Kiçik Planetlərin Elektron Sirkulyarına daxil edilib.
Asteroid “Apollon” qrupuna – orbitləri xaricdən Yerin orbiti ilə kəsişən Yerətrafı obyektlərə aiddir. Alimlər asteroidin diametrinin 0,5-1,1 kilometr arasında olduğunu təxmin edirlər.
Yanvarın 13-dən 14-nə keçən gecə asteroidin Yerə ən yaxın məsafədə olacağı gözlənilir. Hesablanmış məlumatlara görə, onun parlaqlığı 12,9 ulduz böyüklüyündə, bucaq sürəti isə dəqiqədə 33,4 bucaq saniyəsi olacaq.