Ermənistan hökuməti Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfərini təşkil etmək üçün təyyarə istəyib.
Moderator.az News.am-a istinadən xəbər verir ki, erməni tərəfi təhlükəsizlik problemlərinin olduğunu qeyd edərək Muradovdan 9, 10 və ya 11 yanvar tarixlərində Ermənistan Respublikası MTX direktoruna bir təyyarə verməsini xahiş edib.Rusiya tərəfi bu tələbi rədd etməsə də, səfərlə əlaqədar konkret bir tarixin təyin olunmamasının səbəbini izah etməyi tələb edib, buna cavab olaraq Ermənistan hökuməti rəsmi Bakının səfər tarixini hələ açıqlamadığını bildirib.
Xatırladaq ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun Bakıya planlaşdırılan gizli səfəri barədə ilk məlumat vermişdi. Bundan sonra Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan mətbuata verdiyi müsahibədə səfərlə bağlı məlumatları təkzib etmişdi.