Azərbaycanda koronavirus bir ailəni məhv etdi: 10 günə dörd can aldı

Azərbaycanda koronavirus bir ailəni məhv etdi: 10 günə dörd can aldı backend

Koronavirus 10 gün ərzində bir ailədən dörd can alıb.

Qazilər.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 44 gün öncə ailə həyatı quran 43 yaşlı Rəşad Rəhimli dekabrın 14-də müalicə olunduğu xəstəxanada vəfat edib.

Onun ailəsindən öncə xalası Adilə Kərimova koronavirusa yoluxub. Bir neçə gün sonra isə anası Aidə, atası Famil də virusa yoluxub. Dekabrın 5-də Adilə Kərimova, onun üç mərasimi günü, dekabrın 8-də Rəşadın anası Aidə, dekabrın 12-də isə atası Famil müalicə olunduqları xəstəxanada vəfat ediblər. Adilə Kərimovanın həyat yoldaşı və digər bacısı da virusa yoluxub, onların müalicəsi davam edir.

Yaxınlarının sözlərinə görə, virusa ilk yoluxan Adilə Kərimova Nərimanov rayonunda yaşayıb. Rəşad və ailəsi isə Əhmədli qəsəbəsinin sakinləri olublar. Onların yoluxmadan 10 gün əvvələ qədər ünsiyyətləri olmayıb. Buna görə də ayrı-ayrı yerlərdə yoluxduqları ehtimal edilir.

Təxminən bir həftə əvvəl xəstəxanaya yerləşdirilən Rəşad da dekabrın 14-də vəfat edib. Onunla yenicə ailə həyatı quran yoldaşı koronavirusa yoluxsa da, ev şəraitində müalicə olunaraq sağalıb.

Rəşad Rəhimli ərəb və ingilis dilindən kitablar tərcümə edib. Atası Famil Rəhimov isə Dəmir Yol İdarəsinin əməkdaşı olub, bir neçə ay əvvəl təqaüdə çıxıb.

Rəhimovlar ailəsindən indi yalnız Rəşadın qardaşı qalıb.
Diaspora