Evdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"

Evdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı" backend

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

Qazilər.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

S.Əliyev saxlanılan zaman bildirib ki, evdən çıxmamaqla bağlı məlumatı olub:

“Evdə ürəyim sıxılırdı, maşını götürüb, havamı dəyişmək üçün fırlanıb qayıtdım”.

Diaspora