Lənkəranda fərdi yaşayış evi yanıb.
Qazilər.az-ın APA-ya istinadla verdiyi məlumata görə, yanğın hadisəsi bu gün səhər saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsi, ev 8 ünvanında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 81 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı içəridə köməksiz vəziyyətdə qalan ev sakinlərindən 3 nəfər uşaq xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.Lənkəran Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya gətirilən uşaqlardan ikisinin - 2014-cü il təvəllüdlü Milada Aleksandroviç Quds və 2019-cu il təvəllüdlü Emil Cəsarət oğlu Qudsun həyati əlamətləri olmayıb. Onların meyiti aidiyyəti üzrə təhvil verilib.
2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds isə reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.
Qeyd edək ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.