Bir Qazinin qəzası və qazavatı: veteran jurnalist Rey Kərimoğlu qəzaya düşüb...

Bir Qazinin qəzası və qazavatı: veteran jurnalist Rey Kərimoğlu qəzaya düşüb... backend

Amma jurnalist qəzadan daha çox, savaş hazırlığından danışdı: savaş qaziləri cəbhədə nə iş görürlər?

Qarabağ qazisi, veteran jurnalist Rey Kərimoğlu qəza keçirib. Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə R.Kərimoğlunun dostları onun qolu sarıqlı fotolarını yayaraq məlumat veriblər. Vətən müharibəsi başlayan gündən cəbhə bölgəsində olan R.Kərimoğlunun sağlıq durumu hazırda yaxşıdır.

Musavat.com əməkdaşı ilə söhbət zamanı Qarabağ qazisi vəziyyəti barədə məlumat verdi.

Lakin o, sağlıq durumundan daha çox, son aylardakı fəaliyyətindən söz açdı. Bizim üçün çox maraqlı idi. Əminik ki, oxucularımıza da maraqlı olacaq.

Məlum olur ki, Qarabağ qaziləri boş oturmayıblar. Özlərini təkrarən ordumuzun xidmətinə təqdim ediblər. Belə ki, Tovuz hadisələri başlayan gün Qarabağ Qazilər Birliyi ordunun yanında olmaq, əsgər və zabitlərimizə kömək etmək üçün dərhal Prezidentə müraciət edibmiş.

Rey Kərimoğlu danışır: “Ondan bir müddət sonra Müdafiə Nazirliyindən polkovnik Əzizağa Qənizadəyə tapşırdılar ki, müraciət edən qaziləri bir araya yığın. Döyüş olarsa onları cəlb edərik, fayda verərlər. Təlimlərdə əsgərlərə yardım edərlər, lazım gəlsə, ön cəbhədə də vuruşarlar. Sonra Tovuz hadisələri gedən zaman Əzizağa Qənizadə bizi - Veteranlar Birliyi və Qazilər Birliyini yığdı. Bir siyahı tərtib etdilər. O siyahıda mən də vardım. Sonra sentyabrda, döyüşlər başlayanda zəng etdilər ki, sizi cəbhə bölgəsinə, hərbi hissələrə göndəririk. Hərbi hissələrə də bizi böldülər. Tovuzdan Füzuliyə qədər. Mən Füzulyə düşdüm. Mən qazilər qrupundayam, köhnə döyüşçülərin içində. Qazilər qrupuna da Qazilər Birliyini sədri Asəf Əliyev rəhbərlik edir. Biz də oktyabrın əvvəlindən etibarən ön cəbhədə hərbi hissələrdə yerləşdik”.


Qarabağ və media qaziləri yenidən cəbhədə: Rey Kərimoğlu və İlham Tumas

R.Kərimoğlu dedi ki, onlar döyüşə gedən əsgərlərlə görüşlər keçirir və faydalı məsləhətlər verirlər. Müsahibimizin sözlərinə görə, əsgərlərə ağır vəziyyətdə necə davranmaq lazım olduğunu öyrədir, eyni zamanda hərbi vətənpərvərlik ruhlarını yüksəltmək üçün söhbətlər aparırlar:

“Onlarla birgə yeyir, onlarla eyni kazarmalarda yatırıq. Ön cəbhədə, sərhəd rayonlarında, müxtəlif hərbi hissələrdə əsgərlərimizin yanında oluruq. Əsas məqsədimiz əsgərlərin döyüş ruhunu qaldırmaq, döyüş bilik və bacarıqlarını artırmaq üçün əlimizdən gələni etməkdir”...

Müsahibimiz sonda baş verən qəza və qolunun xəsarət alması barədə də danışdı. Dedi, ayın 23-də birgünlük Bakıya gedib və dərhal qayıdıb:

“Gələndə Zərdab-Ağcabədi yolunda olduğu maşının qabağına heyvan çıxdı, maşın yoldan çıxdı və aşdı. Xəsarət aldım. Zərdab mərkəzi xəstəxanasına gətirdilər. Rentgen göstərdi ki, sağ qolumun çiyindən aşağı bazu sümüyü qırılb. Gips qoydular. Qısa dönəm üçünBakıya qayıdıb tam müayinə olunub, yenidən cəbhəyə qayıdacam”.

Musavat.com
Diaspora