Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu, ölən var

Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu, ölən var backend

Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Düşmənin növbəti dəfə atdığı top mərmiləri Tərtər rayonunun mərkəzində bir neçə evə düşüb, nəticədə rayon sakini, 1959-cu il təvəllüdlü Ayna Mehdiyeva həlak olub.

Top mərmilərindən biri isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına düşüb, yaşayış evlərinə ciddi ziyan dəyib.

Bu gün ərzində rayonun mərkəzinə və kəndlərinə ümumilikdə Ermənistan silahlı qüvvələri tərəfindən 10-dan çox top mərmiləri atılıb.

Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Qeyd edək ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
Diaspora