“Abşeronda baş verən qəzada 9 nəfər xəsarət alıb, onlardan 4-nə ambulator yardım göstərilib, digər 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiyaya yerləşdirilib”.
Bu barədə APA-nın sorğusuna TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.Onun sözlərinə görə, yaralılardan vəziyyəti ağır olan və açıq kəllə-beyin travması alan qadın gecə rəhmətə gedib.
Ambulator yardım göstərilən yaralılardan daha birinin vəziyyəti ağırlaşdığından reanimasiyaya köçürülüb. 3 nəfər ambulator yardım edilərək evə buraxılıb.
R. Əliyeva qeyd edib ki, reanimasiyadakı 6 nəfər bu gün palataya köçürüləcək.
***
23:51
Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Saray qəsəbəsinə gedən yeni avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki "Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1965-ci il təvəllüdlü Fərhad Fərhadov, 1969-cu il təvəllüdlü Adil Məmmədov, 1986-cı il təvəllüdlü Firdovsi Novruzov, 1965-ci il təvəllüdlü Rafiq Rüstəmov, 1994-cü il təvəllüdlü Şamil Şahbazov, 1975-ci il təvəllüdlü Aygün Muradova, 1995-ci il təvəllüdlü Bəhruz Şahmuradov, 1968-ci il təvəllüdlü Fərəməz Vəlişov və 1951-ci il təvəllüdlü Tamam Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əraziyə təcili tibbi yardım xidmətinin və yol polisinin əməkdaşları cəlb olunub. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların içərisində vəziyyəti ağır olanların olduğu bildirilir.
Qəzaya yolun qaranlıq olmasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
***
Saat 21:52
Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Saray qəsəbəsinə gedən yeni yolda qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.