“Lotu Quli”nin qardaşı meydana girir: Nələr olacaq?

“Lotu Quli”nin qardaşı meydana girir: Nələr olacaq? backend

Namik Səlifov kimdir və Qulinin işlərini davam etdirə biləcəkmi?

Avqustun 19-da Antalyada qətlə yetirilən “qanuni oğru” Quli Bakinski ləqəbli Nadir Səlifovun nəzarət etdiyi biznes sahələrinə nəzarət uğrunda mübarizə başlaması haqda iddialar səngimir. Xüsusilə, Rusiya mediası bu “bölünmə” məsələsinə dair hər gün yeni iddalarla çıxış edir. Son olaraq “Kommersant” qəzeti iddia edib ki, “qanuni oğru” Vaqif Süleymanov (Diplomat Vaqif) Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.

Kriminal avtoritet Cavid Məmmədovun (Dato Ağcabədinski) isə taksi sürücülərini və pərakəndə satış nöqtələrini ələ keçirəcəyi güman olunur. Sankt-Peterburqdakı “Sofiya” topdansatış bazasına isə Qulinin düşmənlərindən biri, bu yaxınlarda azadlığa buraxılan Əli Heydərovun (Albert Rıjiy) nəzarət edəcəyi deyilir.

Qulinin kriminal aləmdə yüksəlişinin başlandığı Yekaterinburqdakı meyvə-tərəvəz biznesinə isə azərbaycanlı-talış avtoritetləri iddia edirlər. Qeyd olunur ki, Qulinin adamları təkcə biznesmenləri deyil, həm də Rusiyanın iri şəhərlərində topdansatış ərzaq tədarükünün xeyli hissəsinə nəzarət edirmiş.



Bu mövzuda ötən yazılarımızda da qeyd etmişdik ki, Qulinin imperiyasının kimlərsə tərəfindən bölünməsi, hətta düşmənlərinin nəzarətinə keçəcəyi barədə danışmaq tezdir. Çünki Qulinin biznes imperiyasını illərdir ki, onun qardaşı-2013-cü ilin avqustunda “qanuni oğru” statusu almış Namik Bakinski kimi tanınan Namik Səlifov yönəldir.

1976-cı ildə Dmanisidə doğulan Namik Səlifov “taclandırıldıqdan” sonra Bakinski ləqəbi götürüb. 2013-cü ildə Türkiyədə (bir iddiaya görə isə İspaniyada) “taclandırılan” Namik Səlifovun Quli həbsdə olarkən onun kriminal aləmdə mövqeyinin möhkəmlənməsində rolu olub. Namiklə bərabər Lyoxa İrkutskiy, Beso Rustavskiy ləqəbli kriminallara da “qanuni oğru” statusu verilmişdi.

2014-cü ildə məhz bu “qanuni oğru”larla Türkiyənin Edirnə vilayətində Quliyə əks düşərgədə olanlar arasında atışma baş vermişdi. Baş verən atışmada bir tərəfdən Albert Rıjiy (Əli Heydərov) və Zaur Naxçıvanskiy (Zaur Şpilov) ləqəbli avtoritetlər, digər tərəfdən isə Namiq, Lyoxa İrkutskiy və Beso Rustavskiy ləqəbli “qanuni oğrular” iştirak ediblər.

Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün Alber Rıjiyıı Türkiyəyə “sxodka”ya çağırıblar. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək Beso və Lyoxanı qiyabi olaraq titullarından məhrum edib. Albert əvvəlcə Yunanıstana, sonra Misirə gələcəyini vəd etsə də, dediyi ünvanlara getməyib. Albert isə Türkiyəyə gələrək “düşmənimin (Quli) düşməni (Rövşən Lənkərandski) mənim dostumdur” prinsipi ilə kömək üçün Lənkəranskiyə müraciət edib.



Albert Edirnəyə Lənkəranskinin “qanuni oğru” adı verdiyi Zaurla (Lotu Bayramın oğlu) gedib. Edirnədə onları Beso, Lyoxa və Namiq qarşılayıb. Onlar dərhal Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq “qanuni oğru” olmadığı elan edilib və döyülüb. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin Türkiyə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olduğu müəyyənləşib. Ciddi rezonans doğuran hadisə ilə bağlı Qulinin qardaşı da daxil olmaqla ümumilikdə 14 nəfər həbs edilmişdi. Amma tezliklə həbs edilənlər azadlığa buraxıldı.

Məlumdur ki, Şakro Molodoy(Zaxari Kalaşov) İspaniyada həbsdən çıxdıqdan sonra “oğru” sıralarında təmizlənməyə başlamışdı. Bildirilirdi ki, Şakronun o vaxt Qulinin qardaşı ilə bağlı da hökm vermək niyyəti olub. O zamanlar Rusiya mediası iddia edirdi ki, Şakro Molodoyun təşəbbüsü ilə Lotu Qulinin uzun illərdir Türkiyədə yaşayan kiçik qardaşının “qanuni oğru” statusunun alınması ilə bağlı “sxodka” keçirilib. Amma sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb və Namik Bakinskinin Səlifovun statusuna toxunulmayıb.



Bu ilin fevralında da Namik Bakinskinin adı yenidən qardaşı ilə birgə gündəmə gəlmiş, Quli ilə bərabər onun da qonşu ölkədə həbs edildiyi barədə informasiya yayılmışdı. Amma sonradan bildirilirdi ki, Quli Türkiyədə deyil, uzun illərdir bu ölkədə yaşayan Namik Səlifovla bağlı isə heç bir problem yoxdur.
Namik Səlifov hələ ki, məlum hüzr səbəbindən baş verənlərə münasibət bildirməyib. Amma aydındır ki, Qulindən sonra ailənin başına o keçəcək və bütün işləri o yönəldəcək...Üstəlik, bu işdə o yeni deyil...

Musavat.com
Diaspora