Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda yerləşən "EuroHome” tikinti materialları bazarında dünən gecə saatlarında baş verən yanğınla bağlı məlumat yayıb.
Qazilər.az xəbər verir ki, FHN-dən verilən məlumatda bildirilir ki, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub: "Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.
Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.
Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.
Yanğının başvermə səbəbi araşdırılır".