Güney Azərbaycanın Təbriz şəhərində yerləşən tarixi Ağa Nəqi hamamı yerli bələdiyyə tərəfindən dağıdılıb.
Qazilər.az Teleqraf.com-a istinadla xəbər verir ki, Ağa Nəqi hamamı tarixi “Rəbi-Rəşidi” elmi şəhərciyinin yanında yerləşirdi.Tədqiqatçılar hamamın Elxanilər dövləti (XIII əsr) dövründə inşa olunduğunu iddia edirlər.
Məlumata görə, abidə ötən həftənin sonlarında Təbriz bələdiyyəsi tərəfindən ağır maşınlarla dağıdılıb.
Qeyd edək ki, ötən həftə Camışavan məhəlləsində yerləşən və Qacarlar dövrünə aid olan “Babaxan Evi” də, Təbriz bələdiyyəsi tərəfindən yararsız vəziyyətə salınıb. Abidənin dağıdılması ilə bağlı xəbər sosial mediada yayıldıqdan sonra Güney Azərbaycanın Mədəni Miras, Əl İşləri və Turizm İdarəsinin nümayəndəsi inşaat işləri aparılan yerə gedib və abidənin sökülməsi müvəqqəti olaraq dayandırılıb.
Güneydən olan milli fəalların sözlərinə görə, Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək, sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Fəallar baş verənlərə görə, İran hakimyyətini günahlandırır. Halbuki İranın fars bölgələrində bunun əksinin şahid oluruq.
Məsələn, İsfahanda “Nəqşi Cahan” meydanının təkcə binası deyil, hətta hava məkanı da İran dövləti tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrinin uçuşu nəticəsində yaranan titrəyişin tarixi binaya ziyan verməsindən ehtiyat edərək, təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə verilmir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir.