Azərbaycan-İran sərhədində atışma: ölən var

Azərbaycan-İran sərhədində atışma: ölən var backend

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

Qazilər.az xəbər verir ki, DSX-nin Mətbuat Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 22 aprel tarixində saat 15:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olun­ub və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd pat­ron, 1 ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir.

İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Diaspora