Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus əsasən “VAZ 2121” markalı avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.Qeyd edək ki, saxlanılan şəxs avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsilə də onun əməlləri lentə alınıb. Əli Kazımov ifadəsində bildirib ki, “Niva” markalı avtomobillərdən oğurladığı səs gücləndirici, maqnitafon və s. əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.
Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.