Bu gün Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” proqramında gərgin anlar yaşanıb.
Proqramda qonaq olan müğənnilər Manaf Ağayevlə Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın “gəncləri korlayan Manaflar, Mətanətlər var” fikrinə münasibət bildiriblər.Manaf Ağayev canlı efirdə bəstəkar-müğənnini təhdid edib: “Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm, sizin evinizdə olmuşam. Qadınla nə danışım? Ona nə deyim?”.
M. Əsədova isə Elzanın sözügedən açıqlamasından sonra onunla əlaqə saxladığını deyib: “Zəng etdim ki, haqqımda nə demisən? Cavab verdi ki, heç nə söyləməmişəm. Demişəm ki, xasiyyəti pisdi. Dedim, məni oğluna alacaqsan, evinə gəlin gələcəm? Hamının xasiyyəti eyni ola bilməz”.
Daha sonra E. Seyidcahan canlı efirə qoşularaq məsələyə aydınlıq gətirmək istəyib. “Mətanət xanım bayaq mahnı oxudu, sözlərində deyildi ki, atları qoydu, ulaq yerində dayandı. Özü öz cavabını verib. Mən onun özünün at yerində olub, ulaq yerində saxlanmağını istəmirəm”, - deyə Seyidcahan vurğulayıb.
Məsələyə müdaxilə edən Mətanət Əsədova efirdə Elzanın danışığının kəsilməsini istəyib. Təhqir olunduğunu iddia edən sənətçi Əməkdar artistin ünvanına ağır sözlər deyib: “Onun səsini kəsin. Danışmasın, telefonu bağlayın. Ulaq da, at da sənsən! Elza, məni heç kimlə səhv salma. Bəstəkar adı haramın olsun. Utanmırsan? Burda atdan, ulaqdan danışırsan! O kimdir ki, mənimlə belə danışır? Mən Elza deyiləm! Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar! Ağıllı ol! Tərbiyən olsun! Mənimlə təkbətək görüş, amma çaşma! Səni çaşıb...”
M. Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.
Xatırladaq ki, ötən gün sözügedən kanala Xalq artisti Murad Dadaşov rəhbər gətirilib.
Qafqazinfo