Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET AXİ) daha 2 xəstə ölüb.
İnstitutdan APA-nın sorğusuna verilən cavaba görə, 1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də saat 11.25-də ağır vəziyyətdə ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı (II-III dərəcə), şəkərli diabet (II tip), diabetik nefropatiya diaqnozu ilə daxil olub və I Pulmonologiya şöbəsinə yerləşdirilib.Pulmonoloq va endokrinoloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin vəziyyəti fevralın 9-da kəskin pisləşdiyindən dərhal I Reanimasiya şöbəsinə köçürülüb. Müvafiq reanimasion tədbirlər aparılıb. Lakin xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və onda fevralın 10-da saat 04.20-də bioloji ölüm baş verib.
Məlumata əsasən, xəstəyə ET ACXİ-yə daxil olmazdan əvvəl yanvarın 9-da Tusi Klinikasında pnevmoniya diaqnozu qoyulub və stasionar müalicə tövsiyə edilib. O, yanvarın 17-nə kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonoloji şöbəsinda pnevmoniya, dəqiqləşdirilməmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX), şəkərli diabet, 20-25 yanvar tarixlərində EGE Hospitalına ambulator müraciət edərək pnevmoniya, şəkərli diabet diaqnozları ilə hospitalizasiya edilib.
1944-cü il təvəllüdlü digər xəstə İnstituta fevralın 5-də saat 02.15-də ağır vəziyyətdə sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı (II mərhələ) diaqnozu ilə daxil olub və döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Xəstə yanvarın 23-28-i tarixlərində Qax Rayon Mərkəzi Xəstəxanasında soltərəfli pnevmoplevrit, xroniki böyrək çatışmazlığı diaqnozu ilə stasionar müalicə alıb. Vəziyyəti pisləşdiyinə görə, ET ACXI-yə göndərilib. Halı kəskin pisləşdiyindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə fevralın 9-da saat 08.50-da bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması, xroniki böyrək çatışmazlığıdır.
Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.