Bakıda iki avtobus toqquşub, 9 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 9 nəfər xəsarət alıb backend

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb.

Agentlikdən APA-ya verilən xəbərə görə, yanvarın 30-da Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 Dövlət Qeydiyyat Nişanlı) minik avtomobilin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 Dövləq Qeydiyyat Nişanlı) avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 Dövlət Qeydiyyat Nişanlı) isə 211 nömrəli avtobusa dəyib. Qəza nəticəsində hər iki avtobusda olan sərnişlərdən bəziləri xəsarət alıb. Qeyd edilən qəza bir daha onu göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır. Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək.

***

15:28

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, 85 və 211 marşrut xətti üzrə hərəkət edən iki avtobus toqquşub. Nəticədə 9 nəfər müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 5 nəfər yerində tibbi yardım göstərilib və evə buraxılıb.
Diaspora