Tofiq Qasımov İsveçrədə vəfat etdi

Tofiq Qasımov İsveçrədə vəfat etdi backend

Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən biri olan, Elçibəy iqtidarı zamanı xarici işlər naziri postunu tutan Tofiq Qasımov İsveçrədə vəfat edib.

Bu barədə mərhumun yaxın dostu, onunla birlikdə AMEA-da çiyin-çiyinə işləmiş Mirbaba Babayev sosial şəbəkədə məlumat yayıb.

M.Babayev yazıb:

İsveçrədən acı bir xəbər gəldi: Tofiq Qasım rəhmətə gedib. Xalqımızın başı sağ olsun!

Hamı onu xalq hərəkatının ən öndə gedən liderlərindən biri, dönməz millət vəkili, Azərbaycanın keçmiş xarici işlər naziri kimi tanıyır. Onun nazirliyi dövründə Qarabağ və Kəlbəcərin işğalçılardan azad edilməsi barədə BMT-nin 4 qətnaməsi çıxmışdı.
O, Azərbaycanın azadlığı, ərazi bütövlüyü, Azərbaycanda demokratik bir quruluşun yaranması uğrunda canını da qurban verməyə hazır idi və bunu, hərəkətləri ilə dəfələrlə sübut etmişdi.

O, həm də istedadlı fizik idi. Xalq hərəkatı başlayana qədər onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 2 doktorluq dissertasiyasının qeyri-rəsmi məsləhətçisi olmuşdu. Bir alim kimi, onunla təkcə Azərbaycanda deyil, elmi axtarışları apardığı məşhur Sankt-Peterburq Fizika-Texnika İnstitutunda da hesablaşırdılar.

Tofiq Qasım Azərbaycan xalqının xoşbəxliyi, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırdı, ancaq Azərbaycanın iki kvadratmetrlik qəbir torpağı da ona qismət olmadı, Məhəmməd Əmin Rəsulazadə, Əlimərdan bəy Topçubaşov... kimi Azərbaycandan kənarda dəfn olundu. Ancaq azadlıq mücahidlərinin əməyi yerdə qalmır.

Başın sağ olsun, Vətən! (musavat.com)





Diaspora