Daxili İşlər Nazirliyi (DİN) Tovuz raronunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlunun istintaqa cəlb edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”a açıqlamasında İ.Süleymanovun əmisi oğlunun polis əməkdaşı olmasını təsdiqləyib.O qeyd edib ki, İ.Süleymanovun polis olan əmisi oğlu N.Quliyeva itkin düşən gündən istintaq hərəkətlərində iştirak etməyib:
"Açığı, həmin şəxsin adını da bilmirəm. O, sıravi bir polis nəfəridir. Bu cinayət işi ilə onun heç bir əlaqəsi belə yoxdur. Yayılan məlumatlar həqiqəti əks etdirmir, İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu da saxlanılmayıb. Axı həmin şəxs necə ola bilər ki, İlkinə kömək eləsin? Hazırda istintaq prosesi davam edir, araşdırmalar aparılır. Mərhumun yaxınlarından da heç kəs həmin polis əməkdaşının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verməyib”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.