“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanılıb

“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanılıb backend

“EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı cinayət işi başlanılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, FHN-in rəsmi məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Hadisə ilə bağlı bir neçə nəfər xəstəxanaya yerləşdiririlib.

İlkin hesablamaya əsasən, təxminən, 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Hazırda araşdırma işləri davam etdirilir.
Diaspora