"Binə" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
APA-nın məlumatına görə, bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.
***
Saat 01:54
Fövqəladə Hallar Nazirliyi "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.
Hazırda yanğın davam edir. Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır. FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
***
Saat 01:09
Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın başlayıb.
APA xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyir.
Hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.