Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənistan Ordusunun fərari hərbçisi ilə görüşüb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, avqustun 19-da BQXK-nın Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçmiş milliyətcə erməni olan şəxsə baş çəkiblər. Baş çəkmə BQXK standart qaydalarına uyğun həyata keçirilib.İ.Hüseynova həmçinin qeyd edib ki, BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın.
Qeyd edək ki, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.