Pirşağı çimərliyində bataraq boğulduğu bildirilən gənc xəstəxanada ayılıb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Onlardan 6-sı ətrafdakıların köməyi ilə xilas edilib. Suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.Suda batan 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur. Evin tək oğlu olan S.Abbasov bu il orta məktəbi bitirib.
*** 09:54
Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb.
"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Məlumata görə, rayonun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Ətrafdakıların köməyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb, 2-si isə batıb.
Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
*** 00:58
Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.
Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onların axtarışı davam edir. Onlardan biri evin tək oğludur.