London məhkəməsində Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, 55 yaşlı Zamirə Hacıyevanın Azərbaycana ekstradiyası məsələsinə baxılır.
APA-nın London bürosunun verdiyi xəbərə görə, "Westminster Magistrates" məhkəməsində keçirilən iclas iki saat yarımdan çox çəkib.Məhkəmə prosesində Cahangir Hacıyevın 29-70 min dollar arası maaş aldığı xatırladılıb. Bu məbləğdə maaş qazanan birinin ailə üzvünün bu qədər yüksək vəsaiti ancaq qanunsuz yollarla əldə edə biləcəyi vurğulanıb.
Qeyd edilib ki, Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankı tərəfindən 28 kart istifadə edib, bu kartlardan 10-u şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin adınadır. Zamirə Hacıyeva özünün adına olan kartlardan 14.5-15.5 milyon funt sterlinq məbləğində pul xərcləyib, özü və ailəsi üçün bahalı təyyarə bileti, qızıl-zinət əşyaları alıb, üç uşağının təhsil xərclərini ödəyib, gözəllik mərkəzlərində bu puldan istifadə edib. Zamirə Hacıyeva bu 10 bank kartından 13 milyon 500 min dollar, 2 milyon 790 min avro və 4 milyon 600 min manat xərcləyib.
Onun əri, Cahangir Hacıyevin bu məbləğdə pulunun olmadığı, o bu kartları alarkən lazımı sənədlərin təqdim edilmədiyi deyilib.
Bildirilib ki, 2009-2015-ci illərdə Zamirə Hacıyevaya bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Ümumilikdə çirkli pul yumaq, bankın pullarının mənimsənilməsi səbəbindən Azərbaycanda 37 nəfərlik “kriminal qrup”un bu işdə adının hallandığı bildirilib. Vurğulanıb ki, bu kriminal qrup ümumilikdə 97 milyon dollar mənimsəyib.
Zamirə Hacıyevanın vəkili isə gizli şahidlə bağlı hakimə müraciət edib. Belə ki, o şahidin adının təhlükəsizlik baxımından gizli tutulmasını xahiş edib.
Vəkil bildirib ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunsa, siyasi baxışlarına görə problemlə üzləşə bilər.
Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə bunun siyasi motivli cinayət işi olmadığını deyib: "Bizim bildiyimiz qədər, Zamirə Hacıyevin siyasi mövqeyi yoxdur".
Qeyd edək ki, Zamirə Hacıyeva ilk dəfədir, özünün məhkəmə prosesində iştirak edir. Məhkəmə prosesi günortadan sonra davam edəcək.
Z. Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxır. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Xatırladaq ki, Zamirə Hacıyeva 2014-cü ildən Azərbaycana gəlməyib. O, 11.5 milyon funt sterlinq dəyərində “Harrods”a yaxın məsafədə üç evə sahibdir. Onun ən maraqlı xərcləri arasında "Disney"in eksklüziv mağazasında "Bibbidi Bobbidi Boo" kassasında 99,000 funt sterlinq dəyərində etdiyi ödəniş olub.