1918-ci ilin mart soyqırımı zamanı erməni silahlı dəstələri indiki Hacıqabul, Salyan və Neftçala rayonlarının ərazisində böyük qırğınlar və talanlar törədib.
Erməni vəhşiliyinin qarşısını alarkən həlak olan Qafqaz İslam ordusunun əsgərlərinin və onlara qoşulan yerli sakinlərin dəfn olunduğu məzarlar düz 100 ildir ki, Qubalıbaloğlan kəndində bu evin sakinləri tərəfindən qorunub. Türkiyə səfirliyinin dəstəyi ilə məzarlıqda abadlıq işləri aparılıb və üzərində abidə ucaldılıb.ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər yalnız Bakı ilə məhdudlaşmayıb.
Bolşevik-erməni silahlı dəstələri ölkənin digər bölgələrində, o cümlədən Hacıqabul (Şamaxı qəzası), Salyan-Neftçala (Cavad qəzası) və Muğan bölgəsində də kütləvi qətllər, basqınlar və talanlar törədiblər.
Hacıqabuldan olan araşdırmaçı Mübariz Xəlilov bildirib ki, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan istintaq materiallarının surətlərində rayonda törədilən qətllər haqqında dəhşətli faktlar öz əksini tapıb. İstintaq materiallarından aydın olur ki, ermənilər kəndlərdə əhaliyə dəhşətli işgəncələr verib. Hacıqabul rayonunun Nəvahi kəndində yüzlərlə azərbaycanlı qətlə yetirilib. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq naminə özlərini kəndin nohuruna atıblar. 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, yəni o vaxtkı Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq öldürülüb. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər qətlə yetirilib. Ümumiyyətlə, Hacıqabul rayonunda ümumilikdə 1972 nəfər - 1080 kişi, 525 qadın, 367 uşaq vəhşiliyin qurbanı olub.
Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Erməni quldurları tərəfindən 2 minə yaxın ev yandırılıb, 17 min iribuynuzlu, 105 min xırda buynuzlu heyvan qarət edilərək mənimsənilib, taxıl və ərzaq anbarları talanıb. Məktəb, idarə binaları, məscid, ərzaq anbarı, dəyirman, ticarət köşkləri, mağazalar yerlə-yeksan edilib. Ümumilikdə dəyən ziyanın məbləği o vaxtkı pulla 280 478 000 rubl idi.
Qeyd edək ki, Qubalı Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri, qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib.
Hənifə Mövlayevin qızı Nigar Əkbərova deyir ki, qırğınların 100 illiyi ərəfəsində Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, məzarlar abadlaşdırılaraq yenilənib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral şəhid məzarlığının və abidənin açılışında iştirak edib. Abidənin önündə Türkiyə və Azərbaycan bayraqları qaldırılıb: “Erməni-daşnak birləşmələri döyüşdə Nuru Paşanın şəhid olan 6 əsgərini və 6 nəfər yerli sakini o vaxt burada bizim həyətdə dəfn ediblər. O vaxtdan indiyə qədər biz bu qəbirləri qoruduq. Sonra da Türkiyə səfirliyi burda şəhid məzarlığı saldı, abidə ucaltdı. Qəbirləri həyətimizdə qoruyub saxladığımıza görə minnətdarlıq əlaməti olaraq bizim üçün ev tikdilər. Allah şəhidlərə rəhmət eləsin!”
Salyandan olan tədqiqatçı Sahib Həsənov qeyd edir ki, 1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. Belə ki, Sentrokaspi Diktaturası 1918-ci ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən dırnağadək silahlanmış 900 nəfərədək əsgəri və hərbi sursatlarla dolu 6 gəmini Bakıdan Salyana göndərir. Düşmən Xəzər dənizindən Kür çayına keçərək, Bankə qəsəbəsinə daxil olur. Çayın Muğan və Şirvan tayında yerləşən Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndərir. Ümumilikdə 18 kənddə 540-dan çox ev yandırılır. Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilir. Bu zaman köməyə gəlmiş Qafqaz İslam Ordusunun zabitləri Ömər Paşa və Ramazan Paşanın 400 nəfərlik nizami qüvvəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayır və “Demosfen” adlı gəmini vuraraq batırır. Bundan sonra silahlı quldurlar pərakəndə halda geri çəkilir.
Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər Paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 10 nəfəri Neftçalanın Bankə kəndində, Ömər Paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.