Dövlət Komitəsinin məsul işçiləri yanğın baş verən yataqxanada olublar

Dövlət Komitəsinin məsul işçiləri yanğın baş verən yataqxanada olublar backend

Xəbər verdiyimiz kimi, martın 5-də gecə 23.30 radələrində Bakı şəhərinin Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib.

Bu barədə xəbər alındıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerində olublar.

Komitədən Qaziler.az-a bildirilib ki, yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Yataqxanının üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.

Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanılıb. Təmir işlərinin çox qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür.

Nərimanov rayon icra hakimiyyəti tərəfindən müvəqqəti sığınacaq üçün çadırlar quraşdırılıb.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.
Diaspora