Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.
Modern.az saytı xəbər verir ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Qonşular Modern.az-ın əməkdaşına bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.
Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.
Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.
Modern.az barelyeflə bağlı hazırkı vəziyyəti əks etdirən fotonu təqdim edir.