Paytaxtın Bakıxanov küçəsindən keçən təcili yardım maşınları yolda halı pisləşən xəstəyə kömək etməyiblər.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov sosial şəbəkə hesabında video paylaşıb."Saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığından keçərkən bir xeyli insanın toplaşdığını gördüm. Hadisə yerinə yaxınlaşanda aydlb oldu ki, bir yaşlı kişinin halı pisləşib, toplaşan insanlar isə ona kömək etməyə çalışır. Hadisə şahidləri bildirdilər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. Mən orada olduğum müddətdə də 2 təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikalardan birinə məxsus, biri isə dövlətə məxsus. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, saxlamadılar. Həmin videonu aşağıda paylaşacam. Yol polisi məsələyə qarışdıqdan sonra 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya qaldırdılar".