"Meyiti tapdım, məni həbs elədilər" - Qarabağ döyüşçüsünün həbsinin təfərrüatı

"Meyiti tapdım, məni həbs elədilər" - Qarabağ döyüşçüsünün həbsinin təfərrüatı backend

Bakıda qətl törətməkdə təqsirləndirilən Qarabağ döyüşçüsü hakim qarşısına çıxarılıb.

Adam öldürməkdə ittiham edilən İlqar Əliyev deyir ki, həmin gecə sərxoş olduğundan hadisəni tam xatırlamır.

Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror İlqar Əliyevin törətdiyi əmələ görə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İlqar Əliyev bu cəzaya etiraz edib, deyib ki, bu cinayətdən xəbəri yoxdur.

"Mən 15 il həbsdə yatmış adamam. Sizcə, mən həmin adamı öldürsəydim, özüm gedib polisə məlumat verərdim? Mən meyiti özüm tapmışam. 3 ay 14 gün sonra meyiti görüb polisə getmişəm. Dedim ki, belə bir cəsəd var. Mənim cəsədi gizlətmək imkanım olduğu halda polisə xəbər verməyim nə deməkdir? Qatil adam bunu edər? Mən kiminsə cəzasını niyə çəkirəm? Həmin qətl hadisəsi olan gün mən başqa adamla, tanımadığım şəxslə mübahisə elədim. Ona bir bıçaq vurdum, qaçdı. Həmin ərazidən qaçdı. 3 ay sonra da bu işə görə məni tutdular.

Mən birinci dəfə həbsdən çıxanda ölkədən getmək istədim. Çünki hər şeydən bezmişəm. Amma mənim ölkədən çıxışıma icazə vermədilər. Qarabağ döyüşlərinin iştirakçısıyam, batalyon komandiri, kəşfiyyatçı olmuşam. Buna görə də məni ölkədən buraxmadılar ki, kəşfiyyatçı kimi dövlət sirlərini bilirsən. İndi də başıma bu hadisə gəldi".

İlqar Əliyevin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

İttihama görə, İlqar Əliyev ötən il Bakda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib.

Məlumata görə, spirtli içki içdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Əlbəyaxa davadan sonra İlqar Əliyev üzərində olan bıçaqla Mirəli Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Amma İlqar Əliyev ittihamla razılşamır. O, məhkəmədə söyləyib ki, ailəsindən ayrı tənha şəkildə yaşayıb. Daimi yaşayış yeri olmayan İlqar Əliyev yarımçıq tikililərdə yaşadığını söyləyib. Gündəlik fəhləlik etdiyini deyən İ.Əliyev dolanışığını belə təmin etdiyini qeyd edib. O, mərhumla Bakıda kafelərdən birində tanış olduğunu və birlikdə içki içdiklərini söyləyib. Bir müddət aralarında bu cür mübasibət olub. Sonuncu dəfə isə hər ikisi sərxoş olanda mübahisə ediblər.

Xatırladaq ki, əvvəlki məhkəmə iclaslarında mərhumun xanımı Aynur Seyidova da ifadə verib. Onun ifadəsindən hadisənin daha ilginc məqamları üzə çıxıb.

Onun sözlərinə görə, ərinin meyitini ona göstərəndə məlum olub ki, onun ağzındakı qızıl dişləri çıxarılıb:

“Yoldaşım çayçı işləyirdi. Yas mərasimlərinə gedirdi. Hamı onu çayçı kimi tanıyırdı. İş olanda rayondan Bakıya da gəlirdi. Hadisədən də bir neçə gün əvvəl Mirəli dedi ki, Bakıdan işə çağırırlar. Kiminlə danışdığını bilmirəm. Amma iş üçün evdən çıxdı. Bir neçə gün zəng edib danışırdım. Sonra nömrəsinə zəng çatmadı. Biz də rayon polisinə məlumat verdik. Bir neçə gün axtarış oldu. Bakıya çağırılanda morqda meyitə baxanda yoldaşımı tanıdım. Meyit tanınmaz halda idi. Ağzında olan qızıl dişləri çıxarılmışdı. Üzərində olan digər əşyaları, telefonu da yox idi. Cibində nə qədər pul olduğunu bilmirdim”.

İlqar Əliyevin vəkilinin mərhumun xanımına ünvanladığı suallar zamanı iş üzrə yeni məqamlar üzə çıxıb.

Vəkil əvvəlcə onu qeyd edib ki, Aynur Seyidovanın ifadələrində ziddiyyətlər var. Belə ki, A.Seyidova istintaqda fərqli ifadə verib və məhkəməyə bəzi məqamları açıqlamır.

Müdafiəçi əlavə edib ki, mərhum Mirəli Seyidov bir müddət əvvəl həmyerlisi olan Məhəmməd adlı şəxsi bıçaqlayıb.

A.Seyidova bununla bağlı deyib ki, Məhəmməd adlı şəxs şikayətini geri götürdüyü üçün həyat yoldaşı həbs edilməyib. Vəkil qeyd edib ki, mərhum həmin Məhəmməd adlı şəxslə cinsi əlaqəsi olub. Bıçaqlama hadisəsinin səbəbi də məhz bu olub.

Mərhumun xanımı isə bu sözləri qəbul etməyib.

Vəkil zərərçəkmiş A. Seyidovadan mərhum ərinin qumar oynayıb-oynamamasını və ayrı-ayrı şəxslərə borcunun olub-olmamasını soruşub.

A.Seyidova söyləyib ki, əri sadəcə toy axşamlarında qumar oynayıb: “Mirəli qumarbaz deyildi. Sadəcə, toy axşamlarında oynayardı. Bunu da əksər rayolarda oynayırlar. Baldızından borc almışdı. 800 manat borcu var idi və onu da düzəltmişdi ki, qaytarsın. Amma verməmişdi. Mən bu borc məsələsini sonradan öyrəndim. Həmin pul üstündə idi. Amma baldızına qaytarmamışdı”.

Məhkəmə iclası dekabrın 25-də davam etdiriləcək.

Musavat.com
Diaspora