Xırdalanda sərnişin avtobusu aşıb, 9 yaralı (Yenilənib)

Xırdalanda sərnişin avtobusu aşıb, 9 yaralı (Yenilənib) backend

Bakı-Sumqayıt yolunda 119 saylı sərnişin avtobusunun ilkin olaraq hansı səbəbdən aşdığı məlum olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin bildirdiyinə görə, qəzaya avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması səbəb olub.

"Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-174" dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq", - deyə qurum rəsmisi bildirib.

***
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

Report xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Diaspora