Xəbər verdiyimiz kimi, aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirib.
Axşam.az-ın məlumatına görə, ötən gündən təhqirlərə məruz qalan aktyor hadisənin təfərrüatı haqda açıqlama verib. “Yeni Müsavat”ın "Facebook" səhifəsinin canlı yayımında qonaq olan aktyor günahın onda yox, qarşı tərəfdə olduğunu söyləyib. O bildirib ki, T.Mirzəyev qadınlarla birlikdə onu təhqir edib və tüpürüb:“Onu məhkəməyə şahid kimi çağırmamışdılar, niyə gəlib? Davaya məni o təhrik etdi. Onun şəklini də çəkdim. O da bunu gördü və dedi ki, gəl yaxından çək. Onun qeyri-qanuni hərəkətləri var, buna görə də narahatdır. Davanı qabardaraq, hamının fikrini yayındırmaq istəyir.
Mənə söyüş söydü. Bunun cavabını verəcək. Heç bir Azərbaycan kişisi o fikri öz üzərinə götürməz. Mən onun hərəkətlərinə dözürdüm. Amma bu dəfə alçaqcasına ifadələr işlətdi, münaqişə yarandı. Yaxındakı qaynı da söyüş söydü. Bundan sonra dava yarandı. Onlar iki nəfər idi, mən isə tək! Qaynı əlini cibinə atdı, elə bildim ki, soyuq silahı var. Elə də böyük dava olmayıb. Ağır xəsarətlər yetirilməyib. Bu davadan sonra məhkəmə zalına gəldi. Məhkəmə də onu zaldan bayıra çıxardılar.
25-ci polis bölməsinə getdik, 3-4 saat orada olduq. Ona ağır xəsarətlər yetirilməyib ki, xəstəxanada yatsın. Polis bölməsində izahat alınan vaxtı bayırda səs-küy qopdu. Mənim qohumlarımla onun qaynı arasında dava oldu. Qaynı dostunu çağırıb, ona soyuq silah verib və həmin şəxs də bıçaqla yaxınlarıma hücum edib”.
Aktyor dava zamanı özünün də xəsarət aldığını bildirib. Qolu əzilən R.Rza çəkilişə də qolu sarıqda gəlib.