Bakıda məktəb direktoruna xəsarət yetirilib.
Teleqraf.com Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb.Hadisə zamanı o, ciddi xəsarət alıb. Tural Mirzəliyev xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, məsələ Təhsil Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.
Teleqraf.com afn.az-a istinadən xəbər verir ki, Tural Mirzəliyevla “Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, “Drakon” obrazını canlandıran Rza Rzayev arasında dava olub.
Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumunun (qaynı-red.) tərəfindən qarşı tərəfin ünvanın işlətdikləri ağır ifadələr, təhqir sonda insidentlə nəticələnib. R.Rzayevin dediyinə görə, sözügedən məhkəmə çəkişməsinin T.Mirzəliyevə heç bir aidiyyatı yoxdur: “Proses mənim iddiam əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə 220 saylı məktəbin 3 şagirdinin valideyninə qarşı keçirilir. İclasdan əvvəl hazırda 175 saylı məktəbdə direktor işləyən T.Mirzəliyev və qaynı həmin valideynləri avtomobillə məhkəmənin qarşısına gətirmişdi. Həm də bu, ilk dəfə deyil. Artıq bu iş üzrə 4-cü prosesdir ki, eyni hal yaşanır. İclasdan əvvəl və sonra hər dəfə ünvanıma təhqir, hədə, sataşma tipli xoşagəlməz ifadələr səslənsə də, səbrimi toplayıb problem olmamasına çalışmışam. Bu dəfə gələndə şəklini çəkdim ki, məhkəməyə təqdim edim, həm də prosesə aidiyyatı olmadığı halda burda nə işinin olduğunu müvafiq qurumlara araşdırma üçün verim. Bundan öncəki proseslərdə də məhkəmə qarşısında olduğunu sübut edən fotolarını çəkmişəm. Mənə maraqlıdır, məktəb direktoru iş saatında özünə dəxli olmayan məhkəmə prosesinə niyə qarışır? Bu gün saat 3-də proses olmalı idi, həmin saat faktiki olaraq T.Mirzəliyev üçün iş saatıdır. Həmin saatda o hansı icazə əsasında məhkəmənin qarşısında idi? Bütün bunların araşdırılmasını mediadan xahiş edirəm”.
R.Rzayev də insident zamanı ağır xəsarət aldığını bildirib. Onun sağ qolu biləkdən çatlayıb, sağ gözünün ətrafında xəsarət izləri var. Aktyorun qoluna 3 saylı Şəhər Klinik Xəstəxanasında gips qoyulub. R.Rzayev sabah tomoqrafiya olunması üçün başqa xəstəxanaya yaxınlaşacağını bildirib.