"Bu gün saat 05:40 radələrində partlayışla bağlı məlumat daxil olub. İlkin ehtimala görə, binanın ikinci mərtəbəsində qaz sızmasından sonra partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib, vəziyyəti ağırdır".
Azvision.az xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı açıqlamasında deyib.Nazir qeyd edib ki, hadisə yerində axtarış xilasetmə işləri davam etdirilir: "Kinoloji xidmətin itləri də axtarış işlərinə cəlb olunub. Onlardan hər hansı bir reaksiya olmayacaqsa, təmizlik işləri davam etdiriləcək".
FHN rəhbərinin sözlərinə görə, konstrukturların rəyindən sonra binanın qalıb-qalmaması ilə bağlı qərar veriləcək
Qeyd edək ki, bu gün Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər. Nazir qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.