Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Anar Xələfov Qazaxıstan Respublikasında saxlanılıb. A.Xələfov Azərbaycana ekstradisiya olunub.Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi və Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Rəşad Bayramov saxlanılıb.