Qondarma Talış Milli Hərəkatının sədri Moskvada həbs edildi

Qondarma Talış Milli Hərəkatının sədri Moskvada həbs edildi backend

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

Rusiya KİV-nin yaydığı xəbərə görə, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb.

Sentyabrın 7-də isə Moskva vilayəti Luberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.

O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.

Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb. (Modern.az)
Diaspora