Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınmış polis əməkdaşı Rəşad Məmmədov ifadə verib.
O, "Qoca" ləqəbli Etibar Məmmədovun zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatda iştirak edən polis əməkdaşlarından biridir.
R.Məmmədov deyib ki, Etibar Məmmədovu Nəvai postundan üzü Bakı istiqamətində gələrkən saxlamaq üçün əməliyyat keçiriblər. Polis əməkdaşı söyləyib ki, Etibar Məmmədov və yanında olan iki nəfər polisin əmrinə tabe olmadıqları üçün onlara atəş açıblar.
Digər polis əməkdaşı Ramil Səlimov isə bildirib ki, əməliyyat zamanı o, öz şəxsi avtomobili ilə orada olub. R.Səlimov qeyd edib ki, maşınına heç bir zərər dəyməyib. Əməliyyatla bağlı suallara cavab verən R.Səlimov şübhəli şəxslərin polisin əmrinə tabe olmadıqlarını, müqavimət göstərərək atəş açdıqlarını deyib: "Qapı bağlı idi. Bizə atəş açılandan sonra cavab atəşi açdıq. Mən yaxınlaşıb qapını açdım. Etibar özünə xəsarət yetirmişdi".
Məhkəmə prosesində digər zərərçəkmiş polis əməkdaşları da ifadə verib. Məlum olub ki, Etibar Məmmədov polis əməkdaşlarına atəş açdıqdan sonra təslim olmamaq üçün bıçaqla bədəninə xəsarət yetirib. Polis əməkdaşları təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadıqlarını bildiriblər.
Prosesin davamında Penitensiar Xidmətin əməkdaşı olmuş Elvin Namazov da şahid qismində ifadə verib. O, dustaqlar qaçan zaman qatarda xidmətdə olan konvoy əməkdaşlarından biridir. Elvin Namazov söyləyib ki, həmin dustaqlara nəzarət etməyib, sadəcə qarovul xidmətində olub. E.Namazov qatardan qaçan Əli Ağami və "Qoca"nı bir neçə dəfə qarovul rəisinin otağında gördüyünü söyləyib.
Elvin Namazovun istintaqda verdiyi ifadəsi ilə indiki ifadəsi arasında ziddiyyətlər olduğu məlum olub. Belə ki, E.Namazov ifadəsində qarovul rəisi Əli Ağami və "Qoca"dan pul aldığını və onlara müəyyən imtiyazlar yaradıldığını deyib.
Amma E.Namazov bunu təsdiqləməyib və söyləyib ki, həmin sözlər ondan ifadə alan müstəntiqin fikirləridir: "Müstəntiq dedi ki, orada dustaqlardan pul alıblar. Mən də görmədiyimi dedim".
Həmçinin məlum olub ki, E.Namazov istintaqda Fədayə Laçının qatarda "Qoca" ilə Əli Ağaminin şəklini çəkdiyini də deyib. E.Namazov bu ifadəsini də təsdiqləməyib və Fədayə Laçını yalnız müğənni kimi efirlərdə gördüyünü qeyd edib.
Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həbs edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com