Polis sakini boğulmaqdan xilas etdi - LƏNKƏRANDA

Polis sakini boğulmaqdan xilas etdi - LƏNKƏRANDA backend

Lənkəranda polis əməkdaşı rayon sakinini boğulmaqdan xilas edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə Lənkəran rayonun Ürgə kəndində baş verib.

Ürgə kəndinin sakini Ramil Mirzəyev Veravul çayının kənarında olarkən ayağı büdrəyərək çaya yıxılıb. Ətrafdakıların cəhdlərinə baxmayaraq həmin şəxsi çaydan çıxarmaq mümkün olmayıb. Bu vaxt ərazidə xidmət aparan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin polis nəfəri, polis kiçik serjantı Taleh Fərzili kənd camaatının səsini eşidərək həmin səmtə gələrək boğulmaqda olan Ramil Mirzəyevi yıxıldığı bataqlıqdan çıxarıb. Daha sonra ona süni nəfəs verib və ilkin tibbi yardım göstərərək hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verib. Xilas edilən Ramil Mirzəyevin qardaşı Rauf Mirzəyev polis əməkdaşının bu hərəkətini qəhrəmanlıq adlandırıb, özünün və ailəsinin adından ona təşəkkürünü bildirib. Onun sözlərinə görə əgər polis əməkdaşı vaxtında ora yetişib kömək etməsəydi Ramil yəqin ki, həyatını itirə bilərdi.

“Özünün də boğulmaq təhlükəsi olsa da buna baxmayaraq palçıqlı suya atıldı və hərəkətsiz halda olan qardaşımı oradan çıxardı. Ona süni nəfəs verdi, ilkin tibbi yardım göstərdi, polis əməkdaşı qardaşımı həyata qaytardı. Biz buna görə ona çox minnətdarıq”

Polis əməkdaşı isə bunu sadəcə vəzifə borcu hesab edir.

“Yaxınlıqda xidmət aparırdım. Bu vaxt səs-küy eşitdim və çayda bir nəfər kənd sakininin batdığını dedilər. Ətrafdakılar cəhd etsələr də onu çıxara bilməmişdilər. Çayın həmin hissəsində su qalıb lillənib, palçıq artdığından bataqlığa çevrilib. Tərəddüd etmədən dərhal köməyə tələsdim və hərəkətsiz halda bataqlığın dibinə çökmüş Ramil Mirzəyevi çaydan çıxardım. İlkin tibbi yardım göstərib çağırışa gələn təcili tibbi yardım əməkdaşlarına təhvil verdim. Sonradan eşitdim ki, əgər o bir az da palçıqlı suda qalsaydı həyatını itirə bilərmiş. Bir insanın həyatını xilas edə bildiyim üçün əlbəttə çox sevindim. Amma əslində mən bunu vəzifə borcum kimi qiymətləndirirəm”.
Diaspora