Yanan villanın Ziya Məmmədovla heç bir əlaqəsi yoxdur.
Bu sözləri Axar.az-a sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədov Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanan villanın qardaşına aid olması ilə bağlı danışarkən bildirib.Keçmiş deputat qeyd edib ki, Ziya Məmmədovun həmin ərazidə ümumiyyətlə villası yoxdur:
“Yanan mülk də ailəmizə məxsus deyil. Mən heç kəsə arzulamazdım ki, kiminsə evi, mülkü, villası yansın. Bu artıq neçənci dəfədir ki, Ziya Məmmədovun adı bu cür olayda hallandırılır. Çox istərdim ki, media bu cür ucuz qara piara inanmasın”.
FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumatda isə Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə mülk yox, obyektdə yanğın hadisəsi qeydə alındığı bildirilib.
Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub və hadisə yerinə gedən yanğınsöndürənlər yanğının qarşısını alıblar. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Qeyd edək ki, bu gün Teymur Əliyev küçəsində yerləşən və Ziya Məmmədova məxsus olduğu bildirilən villalardan birində yanğın olduğu barədə məlumat yayılıb.