Lənkəranda toy mərasimi üçün bəzədilmiş maşında külli miqdarda narkotik aşkarlanıb

Lənkəranda toy mərasimi üçün bəzədilmiş maşında külli miqdarda narkotik aşkarlanıb backend

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Volkswagen” markalı, 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib. Belə ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomo­bildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.

Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılıb, avtomobilə qoyulan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cüm­lə­dən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilmiş, onların Lənkəran rayon sakinləri - 1982-ci il təvəllüdlü Məmmədov Məmməd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Diaspora