Seyidağa Mövsümlü dəfn edildi - FOTOLAR

Seyidağa Mövsümlü dəfn edildi - FOTOLAR backend

İyulun 25-də vəfat edən tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlü bu gün Buzovna qəbirstanlığında, anasının yanında torpağa tapşırılıb

Qaziler.az bildirir ki, mərhum teleoperatorun dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, döyüş yoldaşları, müharibə veteranları və ailə üzvləri iştirak ediblər.

Dəfndən sonra qazinin məzarı başında vida mərasimi keçirilib. Mərasimdə hərbi teleoperator, rejissor Nizami Abbas, Qarabağ qazisi Rey Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədr müavini Kamil Şirinov, Seyidağa Mövsümlünün döyüşdüyü batalyonun komandir müavini, mayor Ələkbər Əliyev, hərbi vətənpərvərlik mahnılarının müəllifi (bəstəkar-şair) Şahin Musaoğlu, tarixçi Nəsiman Yaqublu, jurnalist Şamil Sabiroğlu, şəhid atası, döyüşçü Əkbər Rüstəmov, televiziya əməkdaşları mərhumun keçdiyi döyüş yolundan, peşə fəaliyyətindən danışıblar.

Xatırladaq ki, S. Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.

S. Mövsümlü Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.

Qaziler.az dəfn mərasimindən çəkilmiş fotoşəkilləri təqdim edir:

Diaspora