Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi törədən şəxs saxlanılıb.
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.Hadisə ilə bağlı müəyyən ekspertizalar təyin edilib və cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayonu, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimov tutulub.
Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.
Qeyd edək ki, hadisə mayın 31-də gecə saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıxcan küçəsi, 13 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızı qeyd edilən ünvanda odlu silahla güllələnib. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, A.Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. Sol çiyninin, çənəsinin çoxsaylı yaraları diaqnozu təyin edilən 1963-cü il təvəllüdlü E.Cəfərova isə əməliyyat edilib, vəziyyəti ağır qiymətləndirilir.