Bibisini amansızlıqla öldürən 24 yaşlı Vüsala ağır cəza kəsildi

Bibisini amansızlıqla öldürən 24 yaşlı Vüsala ağır cəza kəsildi backend

24 yaşlı gənc hakim qarşısına çıxarılıb. O, bibisini öldürməkdə ittiham edilir.

Bir uşaq atası olan təqsirləndirilən şəxs qətli namus üstündə törətdiyini deyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Vüsal Şıxəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda yazılır ki, Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevanı namus üstündə yatdığı yerdə öldürüb. O, bibisinə balta ilə 4 zərbə endirib. Belə ki, Vüsal Şıxəliyev bibisinin həyətində kirayədə yaşayan Röyal Əhmədova 50 manat borc verib. Vüsal pulunu almaq üçün R.Əhmədovun yaşadığı evə gəlib. Bu zaman həmin evdə bibisini görüb və aralarında münasibət olduğundan şübhələnərək onu döyərək həyətə çıxarıb. Səsə Yeganə İmamverdiyevanın uşaqları gəlib. Vüsal Şıxəliyev oradan uzaqlaşıb. Daha sonra isə bibisini qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə də səhər saat 7 radələrində bibisi yatarkən onun otağına girib və başına balta ilə zərbələr endirib. Bu zaman Yeganə İmamverdiyevanın yanında övladı da olub.

Məhkəmədə Vüsal Şıxəliyev özünü təqsirli bilib və əməlini etiraf edib. O bildirib ki, ittihamda düz yazılıb və o, qətli namus üstündə törədib.

Suallara cavab verən V.Şıxəliyev deyib ki, bibisi ailəli, uşaqları olduğu halda başqa şəxslə qapısı bağlı evdə olub.

Hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən V.Şıxəliyev tutulub.

V.Şıxəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilir.

Misavat.com
Diaspora