Bakıda tanınmış professorun əllərini bağlayıb, başına silah dirədilər...

Bakıda tanınmış professorun əllərini bağlayıb, başına silah dirədilər... backend

Tanınmış professor Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi başlayıb.

Qaziler.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, A.Əmirov bundan öncə 5 dəfə məhkum olunub.

Daha sonra prokuror ittiham aktını elan edib. Bildirib ki, F.Əliyev 2 ay "Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikanı böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb, Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman "Avçarka”sını bibər qazı ilə uyudublar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb, çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıtla bağlayıb, onları tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon dollar pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, "iPhone”, 2 ədəd "Samsung”, 20 min manatlıq "Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

İttiham üzrə A.Əmirov, N.Musayev və B.Hacızadə özlərini qismən təqsirli bilib, digərləri isə özünü təqsirli bilməyib. Zərərçəkmiş K.Abdullayev prosesdə iştirak etməyib.

Proses aprelin 9-da davam edəcək.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu ''Varovski'' qəsəbəsində baş verib.
Diaspora