“Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərovun mayın 12-də saxlanıldığına dair məlumatlar yayılıb.
AzNews.az İnterpress.az–a istinadən xəbər verir ki, həbsin səbəblərindən biri də Dövlət Bayraq Meydanı ətrafında tikinti işlərinin aparılması ilə məşğul olan şirkətin vətəndaşların mülkiyyətinin qanunsuz olaraq sökülməsi və bununla bağlı məhkəmələrə, eləcə də dövlət başçısına edilən müraciətlərdir.Belə ki, uzun müddət Bakı şəhəri Səbail rayonu Q.Abbasov küçəsi, ev 33, mənzil 13 ünvanında yaşayan Boqaudinov Rinat mənzilinin cavabdeh "Azİmport" ASC tərəfindən qeyri-qanuni yolla zəbt edildiyini bildirib.
Onun sözlərinə görə, ötən il mayın 2-dək həmin mənzildə yaşayıb. Səbael rayon Məhkəməsinin bir neçə metrliyində yerləşən binanın sökülərək yerində yeni tikinti aparılması qərara alınıb. Tikinti aparacaq şirkətin nümayəndələri sakinlərlə görüşüb və müəyyən vasitələrlə binadakı 21 mənzildən 20-i alınıb. Mənzillərə orta hesabla 150-200 min manat ödənilib. Həmin binada mənzili olan R.Boqaudinova da əvvəlcə 150 min təklif edilib, ancaq rəsmiləşdirməyə az qalmış qiymət 100 minə qədər endirilib. Boqaudinovlar bu təkliflə razılaşmayıb. Həmin ərəfədə xərçəng xəstəliyinə görə mənzilin sahibi Boqaudinov əməliyyat edilib və həyat yoldaşı da onunla bərabər xəstəxanada qalıb. Bundan istifadə edən qarşı tərəf mənzildəki əşyaları boşaldaraq mənzili söküb.
Boqaudinovun sözlərinə görə, mənzil Niyaz Orucov adlı şəxsin rəhbərliyi ilə yerlə-yeksan edilib, ona məxsus əşyalar çölə atılıb.
Araşdırma nəticəsində məlum olub ki, yeni tikintinin layihəsini “Feniks AA” MMC Orucov Niyazla bağlanan müqaviləyə əsasən hazırlayıb. Fiziki şəxs kimi layihəyə dair müqavilə imzalayan Niyaz Orucovun “Azinport MMC”-nin əməkdaşı olduğu bildirilir. Vəkil Kamandar Nəsibovun sözlərinə görə, həmin binada və həmin ərazidə sökülən digər binalardakı mənzillərin alıcısı məhz Niyaz Orucov adlı bu şəxsdir: “Vətəndaşların əvəzinə mənzil satıcısı kimi isə sənədlərdə Məmmədov Arzunun adı göstərilir. Əgər nəzərə alsaq ki, hər mənzilə orta hesabla 150 min pul ödənilib, o zaman fiziki şəxs kimi həmin mənizlləri də daha başqa mənzilləri alan Orucov Niyaz bu qədər vəsaiti ödədiyinə görə rəsmən milyoncu olmalıdır. Amma vergi orqanlarında Azərbaycanda belə bir milyonçunun olmasından xəbərdardılarmı?”
Daha sonra Bakı “milyonçusu” ilə bağlı ölkə prezidentinə müraciət edilib. Ardınca Dövlət Bayraq Meydanının yaxınlığında yerləşən və bir müddət əvvəl sökülən yaşayış binasının bir qrup sakini mənzillərindən qanunsuz çıxarılmaları ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə şikayət edib. Şikayəti Səbael rayonu, Qurban Abbasov küçəsi, ev 33 ünvanında qeydiyyatda olan Boqautdinova Larisa, A.İsmayılov küçəsi dalan 2, ev 26, mənzil 26-da qeydiyyatda olan Tyuşina Larisa, A.Nəsirov küçəsi 7, ev 16-da qeydiyyatda olan Cəbarylov Səxavət, Gornaboy rayonu Qızılhacılı qəsəbəsi M.Müşfiq küçəsi, ev 10-da qeydiyyatda olan Tağıyev Anar, həmçinin Hüseynova Liana, Əzizzov Nüsrətin imzalayıb. Şikayətçilər bildirib ki, mənzillərin alqı-satqısı ilə bağlı müqavilələrdə pulun Niyaz Orucov tərəfindən ödənildiyi göstərilib. Ancaq sakinlərə ödəniləcək məbləğ bilərəkdən gizlədilərərk pullar mənimsənilib, ya da sakinlər razılaşdırılan məbləği ala bilməyib. Məktubda o da vurğulanır ki, Bayraq Meydanı ərazisindən kənarda yerləşən həmin ərazidə heç bir dövlət əhəmiyyətli obyektin tikintisi nəzərdə tutulmur. Ərazidə otel, biznes obyektləri və ya hündürmərtəbəli bina, əyləncə mərkəzlərinin tikintisi nəzərdə tutulur. müqavilələrdə adı çəkilən N.Orucovla sakinlər arasında bağlanan müqavilələrə əsasən mənzillər orta hesabla 150-200 min manat dəyrində qiymətləndirilib. Bu müqavilələrlə əsasən təkcə bir binada 20-dən çox mənizlin satın alındığı bildirilir.
“Azİmport”la bağlı növbəti məhkəmə qalmaqalı isə “Sterlinq Group” MMC -nin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 8 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 128 kv.m olan ofisi qanunsuz olaraq sökülməsi ilə bağlı yaranıb. İş adamının ofisi sökülərək yerlə-yeksan edilib. Bundan sonra iddiaçı şifahi qaydada cavabdeh «Azİmport» Açıq Səhmdar Cəmiyyətinə, rayon polis idarəsinə müraciət etsə də qeyd olunan qurumlardan heç biri ona köməklik göstərməyib. Özünü «Azimport» Açıq Səhmdar Cəmiyyətinin direktoru kimi təqdim etmiş Rafiq adlı şəxs bildirib ki, qeyd olunan söküntü işləri onlar tərəfindən aparılmır. Lakin söküntü işlərini aparan avtomobillərin üzərinə “Azİmport” yazılıb. Akimov Kamalın şirkətinə məxsus ofisin ona qaytarılması ilə bağlı tələbi yerinə yetirilmədiyindən o, Səbail məhkəməsində iddia qaldırıb. İddiaçı ofisinin əvvəlki qaydada bərpa edilərək şirkətə qaytarılmasını və ona dəyən zərərə görə “Azimport”ASC-dən 94 500 manat tələb edir.
Qeyd edək ki, bütün bu sadalananlar “Azİmport”la bağlı şikayətlərin ancaq müəyyən bir hissəsidir.