Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.Müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.
Azərbaycan Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.