20 yanvar Şəhidləri İğdırda anıldı - FOTOLAR

20 yanvar Şəhidləri İğdırda anıldı - FOTOLAR backend

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Moderator.az xəbər verir ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, İğdır Universiteti, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, Azərbaycanı və Türkiyəni təmsil edən elm və mədəniyyət adamları, QHT və KİV təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli filmin nümayiş etdirilib.

Tədbirdə Baş konsul Nuru Quliyev çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misligörünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi.



20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz həbs edilib.

Baş konsul deyib ki, bu qanlı terror aktına – 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev olub. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, bu cinayəti pisləyib, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham edib. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırıb və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb edərək deyib: “Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli lideri­miz tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Qərarda deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşi­liklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır. Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətlərin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır”. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması da öz əksini tapmışdı. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.

Baş konsul bildirib ki, nə ozamankı iqtidar, nə də sonradan hakimiyyətə gələn AXC-Müsavat cütlüyü faciəyə siyasi qiymət vermək üçün əməli addımlar atmadılar. Həmin dövrdə hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün lazımi işlər görmək mümkün idi. Hakimiyyətdə təmsil olunan şəxslərin yarıtmaz fəaliyyətləri, cəsarətsizliyi nəticəsində qanlı terror aktını törədənlərin istintaqının aparılması istiqamətində heç bir tədbir görülməyib.



Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə baş verib.

Sonra İğdır vilayətinin valisi Ənvər Ünlü, İğdır Universitetinin prorektoru Səlim Ərdoğan, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəy, Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyin Bakıya qanunsuz olaraq qoşun yeritməsi Azərbaycanın suveren hüquqlarına qəsd kimi dəyərləndirilib.

Çıxışçılar Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini, qardaş ölkənin faciələrinin Türkiyədə də yad olunduğunu bildiriblər.
Diaspora