Jurnalist İmdad Əlizadənin atasını maşınla vurub, ölümünə səbəb olan şəxsin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə hakim Samir Məmmədovun sədrliyi ilə keçirilib.Prosesdə hökm oxunub. Hökmə əsasən S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. S.Qarayevin barəsində həbs-qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib. İ.Əlizadə hökmdən narazı olduğunu deyərək, apellyasiya şikayəti verəcəyini bildirib.
İttihamda yazılır ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "GAC MİNİK markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A ünvanının qarşısına düşən hissəsində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələbləri pozaraq, piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiklərini gördüyü halda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyib və həmin avtomobilin qabaq tərəfi ilə piyadaların hər iksini vurub.
Nəticədə o, ehtiyatsızlıqdan Ə.Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çox qəlpəli sınıqları, ağciyərlərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yağıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub.
Digər zərərçəkmiş Ə.Talıbovun sağlamlığına ağır zərər vurmaqla yol nəqliyyatı qaydalarını pozub. Elan olunmuş ittiham üzrə S.Qarayev özünü təqsirli bilib, amma mülki iddianı qəbul etməyib.
S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb.