Taksi sürücüsü qaçan məhbusu maşınının baqajında gizlədib

Taksi sürücüsü qaçan məhbusu maşınının baqajında gizlədib backend

Məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

APA-nın xəbərinə görə, o, məhkum Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib.

Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: "Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı".

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Hacıyev Məhəmməd Famil oğlu Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş üzrə daha iki nəfər - Günay Atakişiyeva və müğənni Fədayə Laçın barəsində də həbs qətimkan tədbiri seçilib.

Taksi xidməti göstərən M. Hacıyev G. Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir.

Faktla bağlı digər saxlanılanların da olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
Diaspora