Fədayə Laçın avtoritetləri həbsdən necə qaçırıb? – ŞOK DETALLAR

Fədayə Laçın avtoritetləri həbsdən necə qaçırıb? – ŞOK DETALLAR backend

Müğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, müğənni qaçan məhbuslardan “Qoca” ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, “Qoca” ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, “Opel” markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.

Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları “Qoca”dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.

Bu zaman “Qoca” maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, “Qoca” meşəlik əraziyə qaçaraq izini itirib.

Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Rayon mərkəzində və kəndlərdə axtarışda olan “Qoca”nın fotoları vurulub.

Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Sürücünün kimliyi barədə məlumat yoxdur. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Onun barəsində də həbs-qətimkan tədbiri seçilib.

Müğənninin həbsi ilə bağlı məlumatı APA yayıb.

Xəbərdə deyilir ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Qoca” və digər məhbus Əli Ağami oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətiriləndə qaçıblar.

Belə ki, müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Xatırladaq ki, məhbuslardan Əli Ağami iki gün əvvəl Şirvan şəhərində tutulub.

Diaspora